9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə xalqımızın fəxri, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları Qvardiya General-mayoru Həzi Aslanovun Ev-Muzeyi fərqli nəsillərdən olan dəyərli qonaqları və rəsmi nümayəndə heyətlərini qəbul etmişdir. Əlamətdar bayram günündə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin bir qrup veteranı muzeyi ziyarət edərək böyük sərkərdə Həzi Aslanovun xatirəsini dərin hörmət və ehtiramla anmışlar. Ziyarət zamanı Qələbə Gününün tarixi əhəmiyyəti bir daha vurğulanmış, qəhrəmanlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim uca tutulacağı və yaşayacağı xüsusi olaraq qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Vətən Müharibə Veteranları İctimai Birliyinin (AVMİB) Lənkəran şəhər şöbəsinin sədri İlham Qurbanov, sədr müavini Saleh Dostiyev və Lənkəran şəhər Məhkəməsi Aparatının rəhbəri, Böyük məsləhətçi Nazlı Abramova kollektivi ilə birlikdə muzeyə gələrək qəhrəmanlıq tariximizə ehtiramlarını ifadə etmişlər. Tədbirə xüsusi rəng qatan isə "Qüdsi Kids" Tədris Mərkəzinin balaca fidanları olmuşdur. Cəsur sərkərdənin şərəfli həyat və döyüş yolu ilə tanış olan uşaqların vətənpərvər ruhda səsləndirdikləri şeirlər və sevgi dolu baxışları ziyarəti daha da yaddaqalan etmişdir. Gələcəyimizin qurucuları olan azyaşlılara bu tarixi sevdirmək hər bir iştirakçıda böyük qürur hissi oyatmışdır. Bu əlamətdar gündə müxtəlif dövrlərin döyüş veteranlarının, rəsmi kollektivlərin və azyaşlı gələcək nəslin bir araya gəlməsi xalqımızın qəhrəmanlıq ənənələrinin və tarixi yaddaşının nəsildən-nəslə böyük fəxr şəraitində ötürüldüyünü bir daha sübut edir.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları Qvardiya General-mayoru Həzi Aslanovun layiqli davamçısı, onun soyadını şərəflə daşıyan övladı, sabiq avtomobil nəqliyyatı naziri Arif Aslanovun əziz xatirəsi Həzi Aslanov Ev-Muzeyində ehtiramla yad edilmişdir. Anım günü çərçivəsində təşkil olunan dəyirmi masa arxasında Həzi Aslanovun ailəsini yaxından tanıyan və muzeyin fəaliyyəti haqqında dolğun məlumata malik, Prezident sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş təqaüddə olan müəllimə Südabə Hüseynova, Tarix üzrə fəlsəfə doktoru, LDU-nun dosenti və Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova, həmçinin AVMİB Lənkəran şəhər şöbəsinin sədri İlham Qurbanov və sədr müavini Saleh Dostiyev toplaşaraq Arif Aslanov haqqında öz dəyərli fikirlərini bölüşmüşlər. Çıxışlarda onun sadəliyi, vətənə bağlılığı və atasının şanlı irsini yaşatmaq istiqamətində gördüyü işlər xüsusi vurğulanmışdır. Qonaqlar qeyd etmişlər ki, Arif Aslanov yalnız böyük bir qəhrəmanın oğlu deyil, həm də bu adı ləyaqətlə daşıyan, gələcək nəsillərə örnək olan bir şəxsiyyət kimi yaddaşlarda qalıb. Dəyirmi masada qəhrəman oğlunun zəngin və şərəfli ömür yoluna nəzər salınmışdır. Qeyd olunub ki, 1938-ci ildə anadan olan Arif Həzi oğlu Aslanov Odessa Dəniz Mühəndisliyi İnstitutunun Bakı filialını və Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmiş, sonradan Moskva Xalq Təsərrüfatı Akademiyasında təhsil almışdır. Əmək fəaliyyətinə 1961-ci ildə başlayan A.Aslanov neft hasilatı və nəqliyyat sahələrində müxtəlif məsul vəzifələrdə çalışmışdır. O, 1979-cu ildə Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini, 1990-cı ildə isə nazir vəzifəsinə təyin olunmuşdur. 1992–1996-cı illərdə "Azəravtonəqliyyat" Dövlət Konserninin prezidenti kimi dövlətçiliyimizə xidmət edən Arif Aslanov fəaliyyəti dövründə dəfələrlə yüksək dövlət mükafatları ilə təltif edilmişdir. 1 may 2007-ci ildə vəfat edən Arif Aslanovun xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Bu cür anım tədbirləri bir daha sübut edir ki, onun gördüyü işlər, daşıdığı mənəvi dəyərlər hər zaman gənclərə örnək olacaqdır. Ruhu şad, xatirəsi əbədi olsun!
Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə təşkil edilən bu tədbir, məktəblilər və yeniyetmələr üçün nəzərdə tutulub. "Qəhrəmanlıq Səhifələri" adlı açıq dərsdə Həzi Aslanovun Moskva ətrafındakı döyüşlərdən başlayaraq Stalinqrad və Baltikyanı cəbhələrdə göstərdiyi misilsiz şücaətlər interaktiv xəritələr üzərində uşaqlara izah olunacaq. Tədbirin ikinci hissəsində muzeyin arxiv materialları əsasında hazırlanmış qısametrajlı sənədli film nümayiş etdiriləcək və şagirdlər arasında qəhrəmanın həyatına dair viktorina keçirilərək qaliblər mükafatlandırılacaqdır.